Azərbaycan təhsilində illərdir bitməyən ənənə – valideynlərdən pul yığılması indi də Xırdalanda baş alıb gedir. 5 saylı tam orta məktəbin direktoru Vüsal Süleymanovun rəhbərlik etdiyi təhsil ocağı artıq bilik yuvası yox, açıq-aşkar pul toplama məntəqəsinə çevrildiyi iddia olhur
Şagirdlərin valideynlərindən Müəllimlər Günü, tədbirlər, gül alınması və üstəlik “fond pulu” adı altında məcburi şəkildə vəsait yığılması iddiaları yayılıb.
Bu, bir məktəbdə yox, elə bil ki, bazarda baş verir. Məktəb rəhbərliyi dövlətin verdiyi maliyyəni yetərli saymırsa, bu, onların bacarıqsızlığının göstəricisidir. Əgər pul toplanırsa, deməli, direktorun buna ya icazəsi var, ya da özü şəxsən maraqlıdır.
Bir məktəbdə valideynlərdən hər gün yeni bəhanələrlə pul yığılırsa, bunun məsuliyyəti birbaşa direktora Vüsal Süleymanova aiddir. Direktor ya buna rəhbərlik edir, ya da göz yumur. Hər iki halda cavabdeh odur. Təhsil müəssisəsinin rəhbəri özünü sadəcə müşahidəçi kimi aparmamalıdır.
Abşeron-Xızı Regional Təhsil İdarəsi isə yenə də köhnə mahnısını oxuyur: “Məsələ araşdırılır”. Cəmiyyət artıq yaxşı bilir ki, bu sözlər çox vaxt kağız üzərində qalır. Əgər həqiqətən də araşdırma aparılırsa, niyə indiyədək heç bir məktəb direktoru bu səbəbdən kreslosunu itirməyib?
Məktəb gələcək nəsillərin formalaşdığı məkan olmalıdır. Amma Xırdalandakı 5 saylı məktəbdə vəziyyət tam əksinədir: valideynlər cibinə uzanan əllə, şagirdlər isə təhsil yox, “pul yığımı qaydaları” ilə üz-üzə qalır. Belə bir mühitdə nə savad olar, nə də gələcək.
Vüsal Süleymanovun rəhbərlik etdiyi 5 saylı məktəb barəsində yayılan iddialar göstərir ki, təhsil hələ də korrupsiya bataqlığından tam çıxmayıb. Təhsil Nazirliyi və Regional İdarə buna dərhal son qoymalıdır. Əks halda, məktəblər bilik ocağı yox, açıq bazar kimi tanınmağa davam edəcək.
“Azərbaycan Reallığı” yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa açıqdır.
