20:42

Ağ Evdə keçirilən tarixi görüş Azərbaycanın tərcümeyi-halında ən şərəfli səhifələrdən biridir



Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul etməsi Cənubi Qafqaz regionunun müasir tarixində nadir rast gəlinən hadisələrdən biri kimi yadda qaldı. Bu görüş sadəcə olaraq iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilmiş növbəti diplomatik təmas deyildi. O, həm siyasi məzmunu, həm də nəticələri baxımından yeni geosiyasi reallığın mühüm bir rəsmi təsdiqi idi. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan vəziyyət, Azərbaycan üçün hərbi Zəfərin diplomatik nəticələrə çevrilməsi baxımından mühüm mərhələyə daxil olub. ABŞ kimi qlobal gücün birbaşa təşəbbüsü və vasitəçiliyi ilə baş tutan bu görüş sülh prosesinin ən yüksək səviyyədə dəstəklənməsi və regionun gələcək inkişaf modelinin müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Görüşün ən mühüm nəticəsi isə şübhəsiz ki, “Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutu” və ya qısa şəkildə “Tramp yolu” adlandırılan sazişin imzalanması oldu. Ad baxımından diplomatik rəmz daşıyan bu ifadə əslində Zəngəzur dəhlizinə verilmiş beynəlxalq təqdimat formasıdır. “Tramp yolu” ifadəsi, ABŞ Prezidentinin vasitəçilik missiyasına hörmət əlaməti kimi seçilmiş olsa da, mahiyyət etibarilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin beynəlxalq hüquqi təsdiqini bildirir. Bu dəhlizin açılması bölgədə uzun illər davam edən nəqliyyat blokadasına son qoymaqla yanaşı, iqtisadi və siyasi münasibətlərin normallaşması üçün də möhkəm hüquqi baza yaradır. “Tramp yolu” sazişinin imzalanması ilə bağlı siyasi qiymətləndirmələr göstərir ki, bu layihə təkcə iki ölkə arasında sülhün bərqərar olunmasına deyil, həm də regionun uzunmüddətli sabitliyinə xidmət edir. Azərbaycanın təşəbbüskarlığı və ABŞ-ın zəmanəti ilə beynəlxalq hüquqi çərçivəyə salınan bu dəhliz region ölkələri arasında etimadın bərpasına real töhfə verəcək. Dəhlizin istifadəsi maneəsiz keçid prinsipi əsasında qurulduğuna görə burada heç bir gömrük və ya inzibati baryer nəzərdə tutulmur. Bu isə yüklərin və sərnişinlərin sərbəst hərəkətini təmin edərək regiondaxili ticarəti canlandıracaq. Layihənin regional iqtisadi təsirləri xüsusilə diqqətəlayiqdir. Azərbaycan hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dıəhliz), Bakı–Tbilisi–Qars dəmir yolu, həmçinin Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin mərkəzində dayanır. Zəngəzur dəhlizinin bu mövcud şəbəkələrə inteqrasiyası ölkəmizin qlobal ticarət yollarında daha mühüm rol oynamasına şərait yaradacaq. Məsələn, hazırda Bakıdan Avropaya yük daşımaları əsasən Gürcüstan üzərindən həyata keçirilir. Lakin Zəngəzur dəhlizi açıldıqdan sonra bu marşrutlar qısalacaq, vaxt və xərc baxımından daha səmərəli olacaq. Dünya Bankının məlumatına görə, regional tranzit xətlərinin optimallaşdırılması yükdaşıma xərclərini orta hesabla 15–20 faiz azaldır. Bu isə həm ixracatçılar, həm də idxalçılar üçün ciddi iqtisadi üstünlükdür. Enerji sektoru baxımından isə “Tramp yolu”nun əhəmiyyəti birmənalı olaraq stratejidir. Azərbaycanın artıq TANAP və TAP layihələri vasitəsilə Avropaya çıxışı var. Zəngəzur dəhlizi bu mövcud infrastrukturun üzərinə yeni bir qat əlavə edərək enerji resurslarının alternativ marşrutlarla daşınmasına imkan yaradacaq. Avropa İttifaqının son hesabatlarında göstərilir ki, enerji marşrutlarının şaxələndirilməsi, xüsusilə təbii qaz təchizatında enerji təhlükəsizliyinin ən mühüm komponentidir. Bu baxımdan, Zəngəzur dəhlizi həm Avropanın Rusiya qazından asılılığını azaltmaq, həm də Azərbaycanın enerji ixracını artırmaq baxımından əvəzsiz əhəmiyyət kəsb edir. Ermənistan üçün “Tramp yolu” birmənalı olaraq həm yeni imkanlar, həm də ciddi öhdəliklər yaradır. İllərdir qapalı sərhədlər və məhdud ticarət imkanları səbəbindən iqtisadi artım tempini itirən Ermənistan bu dəhliz vasitəsilə regional ticarətə qoşulmaq imkanı əldə edəcək. Eyni zamanda, daxili siyasi sabitliyi qorumaq, yeni iqtisadi imkanlardan istifadə etmək üçün üzərinə düşən sülh və təhlükəsizlik öhdəliklərini yerinə yetirməlidir. Vaşinqton sazişində bu öhdəliklərin beynəlxalq arbitraj mexanizmləri ilə qorunması Ermənistanın məsuliyyətini daha da artırır. Sazişin beynəlxalq hüquqi çərçivəsi isə onun davamlılığını təmin edən əsas mexanizmdir. Burada yalnız dəhliz boyunca hərəkətin hüquqi əsasları deyil, həm də tərəflərin təhlükəsizlik, texniki xidmət, təmir və logistika üzrə koordinasiyalı fəaliyyəti əksini tapıb. ABŞ-ın imza atdığı və zəmanət verdiyi sənəd yalnız regional deyil, qlobal hüquqi müstəvidə də tanınacaq. Bu isə layihəyə beynəlxalq maliyyə institutlarının marağını artırır. Artıq bir sıra beynəlxalq investisiya fondlarının və infrastruktur layihələrinə dəstək verən qurumların bu marşruta sərmayə qoymağa hazır olduqları bildirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu prosesdəki liderliyi danılmaz faktdır. İkinci Qarabağ müharibəsindən sonra yalnız hərbi sahədə deyil, diplomatiya meydanında da ardıcıl və prinsipial mövqe nümayiş etdirən dövlətimizin başçısı regionun uzunmüddətli sülh və sabitliyə qovuşması üçün ardıcıl təşəbbüslər irəli sürüb. Ağ Ev görüşünün nəticələri, Azərbaycanın yalnız güclü orduya malik ölkə olmadığını, həm də regional diplomatiyanın istiqamətini müəyyən edən, qlobal güclərlə bərabərhüquqlu əməkdaşlıq qura bilən nüfuzlu tərəfdaş olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin ABŞ-a səfəri, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, etibarlı tərəfdaş statusunun və diplomatik uğurlarının daha bir təsdiqi oldu. Vaşinqtonda aparılan danışıqlar və imzalanan sənədlər, təkcə ikitərəfli münasibətləri deyil, həm də regionda sabitlik və əməkdaşlıq imkanlarını genişləndirdi. Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş tarixi əhəmiyyət daşıyır. Bu görüş nəticəsində imzalanan Birgə Bəyannamədə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülhün, rifahın və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyi vurğulandı. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması, Ermənistan üçün də beynəlxalq və daxili bağlantı imkanlarının yaradılması nəzərdə tutuldu. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası hazırlanacaq və bu, ölkəmiz üçün həm tarixi fürsət, həm də böyük məsuliyyətdir. Səfər çərçivəsində iki ölkə arasında Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu, SOCAR və ExxonMobil arasında əməkdaşlıq sazişi imzalandı.

Qəribə Məmməd qızı Məmmədova.ADPU-nun XDM-nin dosenti, FÜ.F.D