Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Resmixeber.org xəbər verir ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin "Apple", "Ardea Energy Technologies Inc.", "Ericsson AB", "ExxonMobil", "Herbalife", "Illumina", "Meta", "Visa", "Wabtec", "Baker Hughes", bp, "Boeing Global", "Honeywell", "J.P.Morgan", "Lummus Technology", "Marriott", "Mastercard", "Shell International", "Azerbaijan Coca-Cola Bottlers" MMC və "Motorola Solutions" şirkətlərinin rəhbər şəxsləri daxildir.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: "Sabahınız xeyir, xoş gəlmisiniz. Sizi görmək çox xoşdur. Şadam ki, böyük nümayəndə heyəti ilə səfərə gəlmisiniz. Bir neçə ay bundan öncəki görüşümüzü xatırlayıram və məmnunam ki, siz dəvətimizi qəbul edərək ölkələrimiz arasında münasibətlərin çox fəal inkişaf etdiyi vacib bir vaxtda Azərbaycana səfərə gəlmisiniz.
Bildiyiniz kimi, biz hazırda ikitərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq və əlbəttə, ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində sizin nümayəndə heyətinizin gəlişi də olduqca əhəmiyyətlidir. Çünki bizim təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib.
Bilirəm ki, müxtəlif dövlət rəsmiləri ilə sizin çoxsaylı görüşləriniz nəzərdə tutulub. Əminəm ki, onlar sizin bütün suallarınızı cavablandıracaqlar. Düşünürəm ki, bu səfərin nəticəsində biz müxtəlif istiqamətlərdə daha fəal təmasların şahidi olacağıq. Onu da bilirəm ki, siz ABŞ iqtisadiyyatının müxtəlif seqmentlərini təmsil edirsiniz və bu, çox faydalı olacaq, çünki bu günə qədər iqtisadi əlaqələrimiz bizim görmək istədiyimiz səviyyədə deyil.
Bir daha xoş gəlmisiniz, sizə ölkəmizdə xoş vaxt keçirməyi arzulayıram. Bilirəm ki, mütləq əksəriyyətiniz üçün bu, ilk səfərdir və bu, Azərbaycan haqqında daha çox məlumat əldə etmək üçün yaxşı fürsətdir. Xoş gəlmisiniz".
Kuş Çoksi: Zati-aliləri, təşəkkür edirəm. Burada olmaq çox xoşdur. Biz BMT Baş Assambleyası çərçivəsində Sizinlə görüşdük və Siz bizi Azərbaycana dəvət etdiniz, böyük nümayəndə heyətinin gəlişini arzuladınız. ABŞ-dakı səfiriniz Xəzər İbrahim, İqtisadiyyat Nazirliyi, "AZPROMO" və ABŞ-ın burada fəaliyyət göstərən səfirliyindəki həmkarlarımızın dəstəyi ilə 31 şirkətin nümayəndəsi Azərbaycana gəlib. Bu səhər burada onlardan bəziləri iştirak edir, lakin nümayəndə heyətinin özü daha genişdir – 31 şirkətdən 60 nəfər nümayəndə. Yəni bu masada da böyük heyət var. Biz həqiqətən də burada olmağımızdan məmnunuq. Adətən biznes əlaqələri siyasi əlaqələrdən daha sürətli inkişaf edir. Ancaq burada bir az qeyri-adi olan odur ki, siyasi münasibətlər iqtisadi əlaqələri üstələyir. Buna baxmayaraq, şirkətlər sürətlə hərəkət edir və biz tezliklə lazımi səviyyəyə çıxacağıq. Bu, Sizin rəhbərliyiniz və hökumətinizin fəaliyyətinin nəticəsidir ki, burada iştirak edən nümayəndələr müxtəlif sahələri təmsil edirlər.
Prezident İlham Əliyev: Bəli, bunu görürəm.
Kuş Çoksi: Burada yalnız enerji deyil, texnologiya, qida məhsulları və nəqliyyat sahələri təmsil edilir. Bu fürsətə görə Zati-alinizə, sadəcə, təşəkkürümüzü bildirmək istəyirik.//manşet.az

