09:02

H.Əliyev müəllim adını həmişə yüksək tutub.


Ötən gün xalqımız Ulu öndər Heydər Əliyevin anım gününü qeyd etdi.

Heydər Əliyev! Dünya şöhrətli siyasət adamı, Azərbaycan xalqının böyük oğlu, bütün cahan dövlət başçılarının daima hörmət və ehtiramını qazanmış güclü lider, öz ağlı, uzaqgörən siyasəti ilə tarixə öz imzasını goymuş nəhəng insan, sadəliyi və səmimiliyi ilə xalqın sevimlisinə çevrilən sadə Azərbaycanlı, usağla uşaq, böyüklə böyük olmağı bacaran əsl insanlıq nümunəsi, bu günün, dünənin və sabahın lider partiyası olan yeni Azərbaycan partiyasının yaradıcısı. .... Azərbaycan əlifbasının bizə verdiyi bütün imkanları səfərbər edib bu sıralamanı çoxx uzada bilərik ki, bu şəxsiyyəti anlada bilək. Görkəmli dövlət xadimi olan Heydər Əliyevin dünya dövlətçilik tarixində ilk dəfə olaraq Ümummilli Lider statusu qazanan dahi şəxsiyyətdir.Ulu öndır Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi siyasi sıanqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararqq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.



H.Əliyev və təhsil

"Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq."

Dünya şöhrətli siyasətçi, tanınmış dövlət və ictimai daim, xalqımızın və dövlətçiliyimizin xilaskarı, Ulu öndər Heydər Əliyevin müəllimlər haqqında yuxarıda qeyd etdiyim fikiri bu peşə sahiblərinin hansı səviyyədə diqqətə, hörmətə və qayğıya layiq olduqlarını göstərir.
Müəllimlik peşəsi və bu peşəyə yiyələnmiş əsl müəllimlər cəmiyyətin gələcəyinə işıq saçaraq zaman-zaman şam kimi əriyirlər, ömürlərinin xalqın, dövlətin, cəmiyyətin inkişafına, tərəqqisinə fəda edirlər.
Heydər Əliyev biliyin intəhasız gücünə, onda ilahi qüdrətin olmasına əmindi, ona görə biliyi sevirdi, millətinin zəkaca sağlam – savadlı-təhsilli olmasını daim arzulayırdı. İnandığı bu həqiqətə ömrü boyu sədaqətini azaltmadı, daim müəllimin yanında oldu, həmişə təhsilin qayğıları ilə yaşadı, müdam məktəbi qorudu. Bütün bu içəridən gələn əməklərinin sayəsində də Heydər Əliyev xalqının həmişəvar dərsliyinə, əbədi məktəbinə çevrildi.
Heydər Əliyevin tükənməz müəllim sevgisinin başlıca qaynaqlarından biri də bu idi ki, o, məktəbillərində də, sonrakı təhsil mərhələlərində də yaxşı müəllimlərdən dərs almışdı, kamil ustadlar görmüşdü və hər birini də daim ehtiramla anırdı. Elə həmin Hüseyn Cavidin böyük qardaşı və ilk müəllimi olmuş Şeyx Məhəmməd Rasizadə Heydər Əliyevə də indi ötmüş yüzilin uzaqlarında qalan 1930-cu illərdə Azərbaycan dilinin şirinliyini dadızdıran, onu ədəbiyyatımızın ülviyyətinə heyran qoyan ilk ustadlardan idi. Heydər Əliyev müəllim təlqinediciliyinin örnəyi saydığı Şeyx Məhəmmədi anarkən daim minnətdarlıqla söyləyirdi ki, uzun illər təhlükəsizlik orqanlarında çalışdığından və orada sovet dönəmində bütün yazı-pozunun rusca aparılması
səbəbindən həmin sahə üzrə təhsilini də rusca alması, sonralar istər Sovet Azərbaycanına rəhbərlik etdiyi, Kremldə çalışdığı illərdə də həmişə işçi dilinin rusca olması ucbatından o da sağında-solundakı bir çox başqaları kimi, ana dilində səlis və ürəyi istəyən səviyyədə yazıb-danışmaq vərdişlərini yadırğamadısa, bunun ilk və başlıca səbəbkarı həmin tələbkar və öyrətməkdə mahir ustadıdır.
Təhsili həmişə üstün tutan Heydər Əliyev təhsil işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərib. Hər bir sahədə olduğu kimi, təhsildə də əldə edilmiş nailiyyətlərin bir çoxu Ulu Öndərin adı ilə bağlıdır.

1993-cü ildə Azərbaycanda hakimiyyətə yenidən qayıtdıqdan sonra da Heydər Əliyev təhsilin inkişafını daima diqqət mərkəzində saxlamışdır. Bu əsas deviz kimi onun söylədiyi- “Təhsil millətin gələcəyidir” şüarında öz əksini tapmışdır.

1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında Heydər Əliyev çıxış edərək xarici sərmayəçilərə Azərbaycanda perspektivli təhsil sahələrinə kapital qoyulması üçün çağırış etdi. Nəticədə dövlət təşkilatlarının vəsaitləri, iş adamlarının kapital qoyuluşları sayəsində yeni məktəblər tikildi, bəzi məktəblərin maddi texniki bazası isə yenidən quruldu. Eyni zamanda ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı, İslam İnkişaf Bankı və sair beynəlxalq təşkilatların vəsaitləri hesabına müxtəlif səviyyəli və profilli məktəblər inşa edildi.

1994-cü ildən başlayaraq Azərbaycanın orta təhsil sahəsində də böyük irəliləyişlər əldə edildi. Bu da özünü özəl məktəblərin, liseylərin, eyni zamanda müxtəlif ixtisaslar üzrə kursların açılmasında, yeni məktəblərin inşa edilməsində göstərdi. Buna misal olaraq qardaş Türkiyə respublikasının təşəbbüsü ilə Azərbaycanda liseylər şəbəkəsinin fəaliyyətəini göstərmək olar. 1994-2000-ci illərdə Azərbaycanda 12 özəl türk liseyi fəaliyyət göstərirdi.

Azərbaycanda yerli kadrlar tərəfindən də özəl məkltəblərin açılmasına böyük diqqət yetirilmişdir ki, buna da ən bariz nümunəsi hazırda Heydər Əliyev adına Müasir Təhsil kompleksi kimi tanınan, respublikada ilk özəl təhsil müəssisəsinin uğurlu fəaliyyətidir. Eyni zamanda orta məktəblərin yeni və müasir dərsliklərlə pulsuz təmin edilməsi sahəsində də mühüm işlər görülmüşdür. 1994-cü ildən etibarən əvvəlki hökumət tərəfindən ləğv edilmiş, orta ümumtəhsil məktəblərinin pulsuz dərsliklərlə təmin edilməsi imtiyazı bərpa edilmişdir.

Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1998-ci ilin 30 mart tarixli “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət komissiyası haqqında” sərəncam imzalandı və müasir dövrdə Azərbaycan təhislinin inkişaf konsepsiyası ictimaiyyətin müzakirəsinə verildi. Geniş və hərtərəfli müzakirələrdən sonra “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” dövlət tərəfindən qəbul edilərək, 1999-cu ilin iyun ayının 15-də təsdiq edildi. İslahatlar konsepsiyasının təsdiq edilməsi Azərbaycanda təhsilin inkişafında mühüm imkanların açılmasına səbəb oldu. Məhz ümummilli lider Heydər Əliyevin şəxsi qayğısı ilə Azərbaycanda 1993-2000-ci illərdə 8 yeni ali təhsil müəssisəsi açıldı.

2000-ci il iyun ayında ümummilli lider Heydər Əliyev təhsil müəssisələrinin yenidən qurulmasını sürətləndirmək, eyni zamanda onların maddi texniki təchizatını gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” yeni sərəncam imzaladı. Sərəncamın həyata keçirilməsi sayəsində Azərbaycanın təhsil müəssisələrinin yenidən qurulması işləri aparılmaqla bərabər, Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil sisteminə inteqrasiyası sahəsində də böyük işlər görüldü. Orta təhsil müəssisələrinə keyfiyyətli müəllim kadrların hazırlanması üçün Azərbaycan Müəllimlər İnstitutu yaradıldı.

2002-ci ilin oktyabrında “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” yeni sərəncam imzalandı ki, bu da Azərbaycanda 500-dən çox orta təhsil müəssisənin maddi texniki bazasının yenidən qurulmasına, onların təhsil səviyyəsinin müasir standartlar səviyyəsinə qaldırılmasına imkan verdi.

Azərbaycan təhsilinin inkişafına xüsusi qayğı göstərən Ümummilli lider Heydər Əliyev təhsil işçiləri ilə görüşlərinin birində “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir” deyirdi və Azərbaycana həsr etdiyi ömrünün hər anında təhsilin inkişafına çalışmışdır.
Ümummilli liderimiz təhsil məsələlərinə toxunarkən onun inkişafyönümlü xarakterini, təhsilin cəmiyyətin, dövlətin, hər bir şəxsin məhz inkişafına, tərəqqisinə xidmət etməli olduğunu dönə-dönə vurğulayır, təhsil xidmətlərinin birmənalı olaraq həmin istiqamətə yönəldilməsini vacib sayırdı. Ulu öndərimizin orta məktəb təhsilinin məqsədləri, ümumtəhsil məktəbinin əsas vəzifələri haqqında qiymətli fikirləri bu gün də bütün təhsil işçiləri üçün aparıcı istiqamət, əsas ideya mənbəyidir. Ulu öndər biliklərə əzmlə yiyələnməyi, daha çox bilik əldə etməyi, əsas diqqəti biliklərə əsaslanan cəmiyyətin qurulmasına yönəltməyi ən aktual vəzifələrdən biri hesab edir, bu prosesdə orta təhsilin roluna böyük qiymət verirdi. Ümummilli liderimizin orta məktəblərdə fənlərin tədrisinin təşkili ilə əlaqədar vurğuladığı tələbi diqqətə çatdırarkən bir amili də qeyd etmək lazımdır ki, bu məsələ ulu öndərimizi bütün vaxtlarda daim düşündürmüşdür. O, fənlərə sadəcə olaraq şagirdlərə müəyyən çərçivədə müvafiq məlumatlar, nəzəri biliklər mənimsədən vasitə kimi deyil, hər şeydən əvvəl, şəxsiyyətin formalaşdırılmasını təmin edən, onlara həyatda müstəqil yaşayıb fəaliyyət göstərmək üçün zəruri həyati bacarıqlar aşılayan mühüm amil kimi baxırdı.



Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra təhsilimizin inkişafı, qabaqcıl ölkələrin təhsil sistemlərinə davamlı inteqrasiyası üçün əlverişli şəraitin yarandığı bir vaxtda ulu öndər bu tarixi şansı yüksək qiymətləndirməklə yanaşı, həm də çox vacib bir məqamı diqqətə çatdıraraq təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulması vəzifəsini qarşıya qoymuşdu.
bu gün ulu öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasəti Azərbaycanda uğurla davam etdirilir. Xüsusilə son illər iqtisadiyyatımızda baş verən sıçrayış, yüksək templi inkişaf digər sahələrin, o cümlədən təhsilimizin də yüksələn xətt üzrə inkişafı üçün mühüm təməl olmuşdur. Əlbəttə, bu inkişafın əsasında dövlətimizin və ölkə rəhbərliyinin təhsilə qayğısı durur. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri sayan Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən təhsili özünün daxili siyasətində prioritet istiqamət kimi müəyyən etmiş və onun inkişafına daim qayğı göstərməkdədir. Məhz buna görə də təhsilin, elmin cəmiyyətdəki önəmli rolunun yüksək qiymətləndirilməsi və onlara göstərilən ardıcıl diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni, daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur.
Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, - deyə təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Qəribə Məmmədova, ADPU-nin xarici dillərin tədrisi kafedrasının dosenti, f.ü.f.d