12:45

Tanınmış aparıcı “Baku Elektroniks”dən ŞİKAYƏTÇİDİR – Foto


Tanınmış aparıcı Amil Xəlil “Baku Elektroniks”dən narazılığını ictimailəşdirib.

Reasmixeber.org xəbər verir ki, aparıcı aldığı məhsulun zay çıxdığını bildirib. Üstəlik “Baku Elektroniks” əməkdaşları da 8 aydır məhsulun bir hissəsini təmir adıyla aparırlar:


“8 ay əvvəl aldığımız kombi bu günə qədər normal işləməyib. Gələn gündən nə düz-əməlli isti su verib, nə də qış boyu evimizi isidə bilib. Satış zamanı “qızıl zəmanət” deyə-deyə göyə qaldırılan məhsul ancaq istifadədə sadəcə vaxtımızı, əsəblərimizi və enerjimizi alır.

Hər həftə servisdən bir usta gəlir. Gəlir, problemi açıq şəkildə qəbul edir, sonra da kombinin bir detalını çıxarıb baxır və gedir. Nəticə dəyişmir. Kombi düzəlmir. Sanki məhsul təmir olunmur yavaş-yavaş sökülür.

Test edirlər. Servisə zəng edəndə isə ayrı bir hoqqa başlayır. Bəzən 10 dəfə yığırsan, cavab verən olmur. Gəlməli olduqları vaxtda gəlmirlər, gələndə isə düzgün və qalıcı həll təqdim etmirlər. Amma satanda vəziyyət tamam başqa idi.

3 gündür qurumun mətbuat xidmətinə də müraciət etmişəm, cavab yoxdur. Bu gün bildirdilər ki, istirahətdədirlər. Ona görə mesajlarım cavabsız qalıb. Problem məhsulda da var, xidmətdə də. Servis problemi qəbul edir, amma həll etmir. Müştəri aylardır eyni əziyyəti çəkir. “Qızıl zəmanət” anlayışı bu qədər məsuliyyətsiz yanaşma üçün istifadə olunmamalıdır. Bu nə normal satış sonrası xidmətə, nə də müştəriyə hörmət anlayışına uyğundur. Problem ya köklü şəkildə həll edilməlidir, ya da məhsula görə məsuliyyət açıq şəkildə qəbul olunmalıdır”.

“Baku Elektriniks” aparıcının şikayətinə cavab olaraq bildirib ki, problem araşdırılacaq.

Aparıcının şikayətinə digər alıcılar da qoşulub.