8 Noyabr – Zəfər Günü 🇦🇿 Bu gün Azərbaycan xalqının tarixində ən qürurlu, ən şanlı səhifələrdən biridir.
8 Noyabr – Zəfər Günü, qəhrəman ordumuzun, igid əsgər və zabitlərimizin, xalqımızın birliyi və əzmi sayəsində torpaqlarımızın azad olunduğu gündür.
30 ilin hər saatı, hər dəqiqəsi Qarabağın işğaldan azad edilməsi üçün dövlətimiz çalışdı, danışıqlar
apardı, haqq səsimizi dünyaya yaydı. Erməniləri dəfələrlə sülhə çağırdı. Özlərinin olmayan torpaqlardan əl
götürməyə dəvət etdi. Lakin dünyanın karlığı, qonşuluqdakı erməninin tamahı səsimizi eşitməyə imkan
vermədi. Beləliklə, bu işi yalnız özümüzün həll edəcəyinə qərar verdik. Bunun üçün ilk olaraq ölkəmizin
çökmüş iqtisadiyyatını dirçəltməyə başladıq. Ordumuzu təkmilləşdirdik. Çünki Birinci Vətən
müharibəsində məğlubiyyətimizin səbəblərindən biri də mükəmməl milli ordumuzun olmaması idi. Bu
səbəbdən də düşmənin qarşısına layiqli ordu çıxarmaq dövlətimizin qarşısına qoyduğu əsas məqsəd oldu.
Qarabağ mövzusu 1993-2003-cü illərdə Ümummilli Liderimizin, 2003-cü ildən 2020-ci ilə qədər
isə dövlətimizin başçısı cənab İlham Əliyevin fəaliyyətinin prioritetini təşkil etdi. Ölkə rəhbəri 20 ilə yaxın
bir dövrdə Qarabağın sülh yolu-insan itkisi olmadan qaytarılması təklifi və təkidi ilə dünyanın bütün
mötəbər kürsülərindən çıxış etdi. Lakin dünya susdu. Ermənilər özlərini karlığa vurdu.
Prezident, Ali Baş Komandanımız bütün çıxışlarında Qarabağ məsələsinin sülh yolu ilə həllinin
mümkün olmadığı təqdirdə hərb yolu ilə həll olunacağını vurğulayırdı. Bu, sadəcə verilən söz deyildi. Bu
söz böyük inam idi. Və bu sözün bir tərəfində də qurulmaqda, təkmilləşdirilməkdə olan Azərbaycan Milli
Ordusu dayanırdı. Elə bir ordu ki, zaman gələcək, müharibə meydanında dövlətimizin başçısının verdiyi
sözü öz gücü ilə təsdiqləyəcəkdi.
Belə də oldu. Dünyanın susduğunu, ermənilərin isə hər gün daha da azğınlaşdığını görən
Azərbaycan dövləti bu məsələnin son yolunun hərbi yol olduğunu əsas götürərək, ermənilərə yerini
göstərməyin vaxtı çatdığını dünyaya nümayiş etdirdi. 2020-ci ilin 27 sentyabrı İkinci Vətən müharibəsinin
başlandığı tarix oldu.
Cəmi 44 gün davam etdi bu müharibə. 30 ilin ələm-qəmini, dərd-sərini, ağrı-acısını, utancını 44
günün saatları, dəqiqələri silə-silə irəliləyirdi. Düzdür, müharibə heç də asan iş deyil. Çətindən çətindir,
həm maddi, həm mənəvi ağırlığı ilə. Bəlkə də Qarabağ uğrunda birinci müharibədən də çox acısı olacaqdı.
Lakin xalq bu acıları artıq gözə almırdı. Çünki torpağını istəyirdi. Alnındakı qara ləkəni övladının qanı ilə
silməli olsa da, bu ləkənin silinməyi vacib idi. Ona görə ki, azərbaycanlılar əsrlərin o üzündən bəri heç vaxt
alnı ləkəli yaşamamışdı. Torpaq-namus məsələsi onların ən həssas duyğusu olub. Bu duyğularla oynamaq
fikrində olanlar isə tarixin bütün dönəmlərində ağır cəza alıblar.
Elə bütün bunlara görə də xalq bir nəfər kimi Ali Baş Komandanın çağırışına səs verdi, Onun
ətrafında birləşdi. Həmrəylik nümayiş etdirdi. Könüllü şəkildə cəbhəyə yollanmaq istəyənlərin, bunun üçün
səfərbərlik idarələrinə müraciət edənlərin sayı-hesabı olmadı.
2020-ci ilin 44 günündə bir dastan yazıldı. Bu dastanda dövlətimizin yeri başqa, xalqın yeri başqa,
bu xalqın övladlarının yeri isə başqa oldu. Hər kəs mövqeyindən asılı olmayaraq birlik göstərdi. Elə
Qarabağ dastanının yaşanmasına və yazılmasına səbəb də bu birlik oldu. 44 günün hər anı qələbələrlə dolu
oldu. Dövlətimizin başçısı dəfələrlə xalqa müraciət etdi və hər müraciətində yeni qələbə xəbərlərini
xalqımıza çatdırdı, onu təbrik etdi.
Bu müraciətlər inamla dolu idi. Bu müraciətlərdən hər gün bir qədər də irəliyə addımlamağa cəsarət
alırdıq. Düşmənin əzilməsini, məhv edilməsini, torpaqlarımızın da, bu torpaqlar uğrunda canlarından
keçənlərin də qisasının alınması ilə dolu idi bu müraciətlər. Bu müraciətlərlə yurdlarımız yenidən bizim
olurdu, bayrağımızın o yurdların ən yüksək zirvələrində dalğalanmasını görürdük. Bu müraciətlərdə xalqın
sevinc göz yaşlarını görürdük. Yurd, doğma torpaq sevgisini görürdük.
Beləliklə, 44 gün başa çatdı, noyabr ayının 10-da Ali Baş Komandanımızın sərkərdəliyi ilə milli
ordumuzun qətiyyəti qarşısında düşmən ağ bayraq qaldırıb təslim olduğunu elan etdi. Azərbaycan, Rusiya
və Ermənistan arasında imzalanan üçtərəfli Bəyannamə ilə ermənilərin qarşısına öhdəliklər qoyuldu. Onlar
bu öhdəliklərin yerinə yetiriləcəyinə söz verərək müharibənin dayandırılması üçün yalvardılar.
Azərbaycan isə 30 ilin qisasını 44 gündə düşməndən zərrə-zərrə aldı. Sonda isə Böyük Zəfər
qazandı. Qarabağ 30 il sonra 44 gün içərisində yenidən anası Azərbaycana qovuşdu. Və Zəfərdən dərhal
sonra da düşmən tərəfindən daşı daş üstündə qalmayan həmin torpaqlarda bərpa işlərinə başlandı ki, bir
qərinəyə yaxın yurdundan didərgin salınmış soydaşlarımız qısa zamanda əzəli torpaqlarına, evlərinə qayıda
bilsinlər.
Xalqımız Azərbaycan Prezidentinin qurub yaratmaq əzminin, Vətən müharibəsində olduğu kimi, quruculuq işlərində də sonsuz qətiyyət və əzmkarlığının şahididir. Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağımıza yenidən həyat qayıdır. Artıq minlərlə ailənin azad edilmiş şəhər və kəndlərə qayıdışı təmin olunub, onlara yeni evlərin açarları təqdim edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təxminən 30 min insan yaşayır. Belə ki, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.
Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun illər öncə başlatdığı Qarabağ savaşı məntiqi sonluğuna çatıb, şanlı Zəfərlə yekunlaşıb. Azərbaycan xalqı əmindir ki, bu zəfərlərin davamı gələcək, Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni uğur zirvələri fəth ediləcək.
Cabbar Babayev, xeyriyyəçi iş adamı

