Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur.
Söhbət aşacağımız insan dəyərli ziyalı Zemfira Qafarovadır.
Qafarova Zemfira Həsən qızı (d. 1942) — Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi. Əməkdar incəsənət xadimi ,Musiqişünas, pedaqoq, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016-cı ildən). Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professorudur.
1942-ci ildə 22 Noyabrda Bakı şəhərində Respublikanın adlı sanlı rəssamları olan Həsən Haqverdiyev və Güllü Mustafayeva nın qızı olaraq doğulmuşdur.
Zemfira xanım Qafarova 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, həmin ildə Azərbaycan Dövlət Konservatoriyasında tarix-nəzəriyyə şöbəsinə daxil olur.1966-cı ildə əla qiymətlərlə musiqişünas diplomuna layiq görülür. 30 ildən artıqdır ki, Zemfira Qafarova Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının aparıcı müəllimi, professorudur.O, 10 il müddətində (1981-1991) tarix-nəzəriyyə fakultəsinin dekanı vəzifəsində çalışıb.Bu vəzifədə çalışdığı illərdə tələbələrə göstərdiyi qayğı indi də o dövrün məzunlarının yadındadır.Onun adı Azərbaycan musiqi elminin görkəmli nümayəndələri arasında çəkilir.
O, 1984-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq namizədi dərəcəsinə layiq görülür, pedaqoji fəaliyyətlə yanaşı elmi fəaliyyətini də genişləndirir. Musiqişünas Zemfira Qafarovanın istedadlı qələmi bir sıra bəstəkarlarımızın həyat yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırmışdır. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, bir sıra məruzə çıxışları və məqalələri peşəkar musiqiçilərin və musiqisevərlərin nəzər diqqətində olub Azərbaycan milli musiqisinin təbliğinə qulluq edir.
Ü.Hacıbəyovun yaradıсılığını tədqiq etmiş, bu mövzuda bir sıra məqalələr — "Koroğlu"nun avtoqrafı" (1972), "Ü.Haсıbəyovun opera estetikası" (1975), "Ü.Haсıbəyovun "Koroğlu" operasının uvertürası" (1973) və s. yazmışdır. "Ü.Haсıbəyovun "Koroğlu" operası" (1994) monoqrafiyasının müəllifidir.
19 sentyabr 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Bu gün də Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən Zemfir Həsən qızı Qafarova " Şərəfli ömür yolu" mükafatına layiq görülüb.
Biz 82-ci yayını qeyd etdiyimiz, amma özünü həmişə ruhən və qəlbən gənc, cavan, təravətli, enerjili hesab Zemfira xanım Qafarova bundan sonra da insan üçün həyatda ən ümdə olan can sağlığı, uzun, mənalı ömür, tükənməz həyat eşqi və hazırkı işlərində uğurlar arzulayırıq!...